Bakı. Trend:

Aprelin 7-də İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzoev İsveçin qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilən millətlərarası münaqişələrin problemlərinə həsr olunmuş iclasda iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iclasın təşkilatçıları ilk olaraq dünyada mövcud olan müxtəlif növ münaqişələr haqqında iştirakçılara məlumat verərkən Azərbaycanla Ermənistan arasındakı hərbi münaqişənin son hadisələrdən sonra gərginləşdiyini xüsusilə vurğulayıblar.

Seminarda çıxış edən İsveç Azərbaycanlıları Konqresinin sədri E.Mirzoev qeyd edib ki, Cənubi Qafqaz regionunda yerləşən iki ölkə arasındakı münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi ilə başlayıb.

Azərbaycan torpaqlarının iyirmi faizinin — Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan dövlətinin işğalı altında olduğunu bildirən Azərbaycan icmasının sədri vurğulayıb ki, 1994-cü ilin may ayında tərəflərin atəşkəs barədə razılıq əldə etmələrinə baxmayaraq, hələ də ATƏT-in Minsk qrupunun himayəsi altında nəticəsiz sülh danışıqları aparılır.

E.Mirzoev həmçinin bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi hələ də Ermənistan tərəfindən icra edilmir.

Bununla yanaşı, Azərbaycan icmasının sədri Ermənistan Silahlı Qüvvələrinin son günlərdə törətdiyi təxribatlardan Azərbaycanın dinc sakinlərinin həlak olduğunu iştirakçıların diqqətinə çatdırıb.

E.Mirzoev vurğulayıb: «Ağdam rayonunun iki kəndinin qarşı tərəfdən atəşə tutulması nəticəsində rayonun enerji təchizatı dağıdılıb və məktəblərdə tədris prosesi nəzərə çarpacaq qədər çətinləşib».

Görüşün sonunda İsveç Azərbaycanlıları Konqresinin sədri tanınmış xarici müəlliflər tərəfindən yazılmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında materialları iştirakçılara təqdim edib.