Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev Helsinki (Finlandiya) və Stohkolmda (İsveç) yaşayan azərbaycanlılarla görüş keçirib.
Diaspora Komitəsinin rəsmi saytında gedən xəbərlərə inansaq, keçirilən görüşlər böyük anşlaqla başa çatıb. Hər iki ölkədə yaşayan azərbaycanlılar qaça-qaça Elşad Əliyevin pişvazına çıxblar.
Helsinki görüşlərindən yayılan fotolardan da göründüyü kimi, daha çox kiçik yaşlı uşaqlara xitab edən Elşad Əliyev onlara uzun-uzadı Azərbaycan diaspor tarixi, nkişaf mərhələləri, sosial-fəlsəfi mahiyyətindən bəhs edib. İndi gerisini siz düşünün – ”Ağ zambaqlar ölkəsi”ndə yaşayan və təhsil alan bu fidanlar diaspor bilicisi Elşad Əliyevin ölkəmiz haqqında elmi-publisistik-dialektik məruzəsini necə də böyük həvəslə dinləyiblər. Hətta onlar bu yaxınlarda Fuad Muradova müraciət edərək Elşad Əliyevin tez-tez belə görüşlər keçirməsini xahiş etmək niyyətindədirlər.
Əlbəttə bu bir ironiyadır, lakin reallıqda baş verənlər isə onu deməyə əsas verir ki, Elşad Əliyevin görüşləri heç də rəvan keçməyib.
Əslində kiçik yaşlı azərbaycanlılardan fərqli olaraq, böyüklər onlarla görüşə Diaspora Komitəsinin sədri Fuad Muradovun gələcəyini gözləyirlərmiş. Lakin qürbətdə yaşayan soydaşlarımız qarşılarında Elşad Əliyevi görəndə bir az pəjmürdə olublar. Nədən ki, onların Komitə sədri Fuad Muradova deyiləsi sözləri, onun qarşısında qaldırılası problemləri varmış. Lakin Fuad Muradovun gələmədiyini görəndə narazılıq etməyə, iclasın keçirildiyi zalın içində deyil, çölündə durmağa, siqaret çəkib, söhbət etməyə başlayıblar. Bu zaman tədbirin təşkilatçıları onları təhqir edərək zala daxil olmalarını tələb edib.
Hətta Stohkolmda keçirilən iclas o qədər gərgin keçib ki, söz alıb, problemləri dilə gətirmək istəyən bir neçə nəfərə söz haqqı belə verilməyib, təhlükəsizlik əməkdaşlarının köməyi ilə onlardan biri zorla zaldan çıxarılıb. Saatlarla Elşad Əliyevin və digərlərinin moizəsini ac-susuz dinləyən soydaşlarımıza vəd olunan nahar yeməyi belə verilməyib. Müxtəlif şəhərlərdən Stohkoluma gələn soydaşlarmız kor peşman geri dönüblər.
Bu görüşdə daha çox İran azərbaycanlılarının iştirakına şəraitin yaradılması da söz-söhbətə səbəb olub. Azərbaycanla bağlı keçirilən tədbirlərdə, mitinqlərdə heç vaxt gözə dəyməyən bu simaların birdən-birə zühur etmələri diqqətdən yayınmayıb. Əcəba, nə baş verib, təşkilatçılar fotolar üçün zalımı doldurmaq istəyiblər?
Uzun illərdir İsveçdə yaşayan və bu ölkənin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edən Azərbaycan icmasının ən fəal üzvlərinin də görüşə dəvət olunmaması ciddi narazılıqlar yaradıb. Görüşə dəvət olunan azsaylı soydaşlarımız da bu cür yanaşmaya, Komitənin birləşdirmək əvəzinə parçalamaq siyasətinə etirazlarını bildiriblər. Axı normalda dövlət tərbiyəsi, yanaşması belə olmamalı idi?
Axı necə ola bilər ki, xaricdə yaşayan azərbaycanlılar “Prezident İlham Əliyev təkcə Azərbaycanda yaşayanların deyil, həm də ölkəmizdən kənarda yaşayan yüz minlərin soydaşımızın prezidentidir” fikrinə inandıqları halda, Diaspor Komitəsi və onun Elşad Əliyev adlı səriştəsiz sədr müavini onların bu inamlarını alt-üst edir? Əlbəttə, vaxt gəlcək bu kimi suallara cavab veriləcək.
Etirazların başqa bir səbəbi isə bu kimi görüşlərin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci öldönümü gününün qeyd olunduğu tarxilərdə deyil, ondan bir həftə əvvəl təşkil olunmasıdır. Soydaşlarımız haqlı olaraq düşünür ki, bu kimi tədbirlərin xalqımızın Ümummilli liderinin 102-ci ildönümü günlərində təşkili daha məntiqli olardı.
Təəssüf ki, Elşad Əliyev və onun kimi düşününənlər belə həssas məqamlara diqqət etmək iqtidarında deyillər. Yəqin ki, dövlətin müvafiq qurumları və xüsusən də Komitə sədri Fuad Muradov bu barədə yaxşı düşünəcək.
Rauf Pen Nord


