
Azərbaycanın Şimali Avropa ölkələrindəki səfiri Zaur Əhmədov Norveçin Aftenposten qəzetində dərc olunmuş məqaləsində Nobel mükafatının tarixində az tanınan bir səhifəyə diqqət çəkib: XIX əsrin sonlarında Bakı neft sənayesinin və qardaşlar Nobel tərəfindən yaradılmış Branobel şirkətinin mükafatın maliyyə əsaslarının formalaşmasında mühüm rolu.
Diplomat vurğulayır ki, Nobel Fondunun fəaliyyətini təmin edən vəsaitlərin əhəmiyyətli bir hissəsi yalnız dinamid ixtirasından deyil, həm də Bakıda hasil edilən “qara qızıl”dan əldə olunmuş gəlirlərdən formalaşıb.
Taxtadan neftə
1870-ci illərdə Robert Nobel Bakıya taxta almaq məqsədi ilə gəlsə də, nəticədə sürətlə inkişaf edən neft sənayesinə sərmayə qoydu. Tezliklə qardaşları ilə birlikdə Branobel şirkətini quraraq onu dünyanın ən iri neft konsernlərindən birinə çevirdi. XX əsrin əvvəllərində dünya neftinin yarısı məhz Bakıda hasil edilirdi, şirkətin məhsulları isə Avropa şəhərlərinin küçələrini işıqlandırırdı.
Branobel-in səhmləri sonradan Nobel mükafatının maliyyə bazasının formalaşmasında mühüm rol oynadı.
Tərəqqinin kölgəli tərəfi
Lakin bu uğurun mənfi nəticələri də vardı. Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar edilmiş, region ağır ekoloji fəsadlarla üzləşmişdi.
Villa Petrolea və yaddaşın dirçəlişi
İnqilabdan sonra Bakıda Nobellərin adı tədricən unuduldu, ailəyə məxsus Villa Petrolea isə baxımsız vəziyyətə düşdü. Yalnız Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra bu irs yenidən canlandırıldı. Bu gün Villa Petrolea tam bərpa olunaraq muzey kimi fəaliyyət göstərir — İsveç və Norveçdən kənarda yerləşən yeganə Nobel muzeyi. Muzeyin fəaliyyətini Baku Nobel Heritage Foundation dəstəkləyir.
Tarixi ədalət çağırışı
Məqaləsində Zaur Əhmədov vurğulayır ki, Nobel mükafatının tarixində Bakının rolu beynəlxalq sərgilərdə və rəsmi tədbirlərdə hələ də lazımi dərəcədə işıqlandırılmır. Diplomat Baku Nobel Heritage Foundation-un Stokholm və Osloda keçirilən rəsmi tədbirlərə daha fəal şəkildə cəlb olunmasını təklif edir.
“Bu, Nobel mükafatının şöhrət və nüfuzunun bir hissəsinin əslində Azərbaycanın torpağına və tarixinə söykəndiyini qəbul etmək olardı,” — deyə səfir qeyd edir.
Rauf Nord